"Caspian Ecology" 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi keçirilir
14.11.2017

“Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kampaniyasının dəstəyi ilə təşkil olunan “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi bu gün öz işinə başlayıb.

Nazirlikdən verilən məlumata görə, sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələrini kompleks şəkildə təqdim etmək üçün dünyanın 7 ölkəsindən 53 şirkət iştirak edir. Onlar arasında Azərbaycan, Almaniya, Böyük Britaniya, İsrail və digər ölkələr var.

“Caspian Ecology” sərgisində təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş etdirilir.

8-ci Beynəlxalq Ətraf Mühit sərgisinin keçirilməsində əsas məqsəd işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə əlavə təkan verməkdən ibarətdir.

“Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi noyabrın 16-dək davam edəcək.

trend