Bakıda Hindistana məxsus müxtəlif növ məhsulların sərgi-yarmarkası təşkil olunub
13.11.2017

Noyabrın 11-də Heydər Əliyev adına İdman Arenasında sərgi-yarmarka təşkil olunub.

Sərgi-yarmarka Hindistanın ölkəmizdəki səfirliyinin, “Full House Entertainment” və Hindistanın Azərbaycandakı Assosiasiyasının təşkilatçılığı ilə təşkil olunub.

Azərbaycan ilə Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və bu ölkənin müstəqilliyinin 70 illiyinə həsr edilən yarmarkada bu ölkəyə məxsus müxtəlif məhsullar sərginin pavilyonunda yer alıb. Sərgi-yarmarka çərçivəsində “Bollywood Night” adlı konsert proqramı da təqdim edilib.

Musiqili gecədə Hindistanın tanınmış estradasının ulduzu Alişa Çinaya həsr edilən videoçarx nümayiş olunub. Sonra müğənni konsertdə “Made in India”, “Zoobie Zooby”, “Mujhe Log Bole”, “Raja Hindustani” hitlərini, “Disko rəqqası”, “Oyna, oyna”, “Cənab Hindistan” filmlərindən mahnılar ifa edib. Həmçinin, gecədə müğənnilər Ceyhun Bakinski, Fərid Həsənov, Kamran Həsənli, Könül Kərimova və gənc ifaçı Nuray bir-birindən parlaq ifalar səsləndiriblər.

Çoxsaylı tamaşaçının qatıldığı konsert proqramı maraqla qarşılanıb.

azertag.az