“Səsini unutma” növbəti dəfə “Yuğ”un səhnəsində
10.11.2017

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti sənətsevərlərin qarşısında yeni səhnə əsəri ilə çıxış edib.

Yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” əsəri əsasında səhnələşdirilən “Səsimi unutma” tamaşasına rejissor Gümrah Ömərin quruluşunda baxılıb.

Quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şərif olan tamaşanın musiqi tərtibatı Amid Qasımova məxsusdur.

Xronometrajı 70 dəqiqə olan tamaşanın məğzi belədir: İki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur. Əbədiyyətin Elçisi – sevimli qadın səbirlə, lakin güzəştsiz olaraq öz opponentinə “kömək” edir, təkəbbür və iltifatla onun hiylələrinə göz yumur.

Səhnə əsərində Əməkdar artistlər Məmməd Səfa, Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış ediblər. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş edilən səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb.

azertag.az