“Sərhəd” sənədli filmi təqdim edilib
10.11.2017

Noyabrın 10-da Beynəlxalq Mətbuat Mərkəzində “Sərhəd” sənədli filminin təqdimatı keçirilib.

Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi tərəfindən çəkilib.

Tədbirdə Milli Məclisin deputatı Flora Qasımova çıxış edərək ermənilərin tarixən Azərbaycan xalqına qarşı işğalçı siyasətindən danışıb. Vurğulayıb ki, faşizm ideologiyasını dövlət səviyyəsində həyata keçirən Ermənistanın hərbi-siyasi rejimi körpələrin qətlə yetirilməsinə əmr verməklə xalqımıza qarşı soyqırımı siyasətini davam etdirir və dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu cinayətlərə biganə yanaşır.

Layihənin rəhbəri Büllur Məmmədova bildirib ki, sənədli film işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən atəşkəs dövründə azərbaycanlı uşaqların öldürülməsindən bəhs edir. Filmin rus və ingilis dillərində versiyaları hazırdır. Filmin beynəlxalq təşkilatlara və ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərə çatdırılması üçün ictimai birlik tərəfindən fəal iş aparıldığını deyən layihə rəhbəri qeyd edib ki, dünya birliyinin sərt reaksiya verməməsi və əməli tədbirlər görməməsi nəticəsində Ermənistanın kriminal rejimi bu cür cinayətləri davam etdirir.

Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov vurğulayıb ki, bu günə qədər çoxlu sayda sənədli filmlər üzərində işləsə də, qətlə yetirilmiş körpə uşaqların valideynlərindən filmin çəkilişləri zamanı müsahibə almaq mənəvi cəhətdən çox ağır idi: “18 aylıq Zəhra Quliyevanın qətli Xocalı, Qaradağlı, Meşəli, Ağdaban, hətta 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının davamıdır. Bu siyasətin müəllifi dəyişməzdir və hər kəs onu tanıyır – Ermənistan və onun kriminal rejimi”.

Sonra sənədli film təqdim edilib. Filmdə bu il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Zəhra Quliyevanın, 2011-ci ildə Ağdamın Orta Qərvənd kəndində erməni əsgərlərinin snayper gülləsi ilə vurulmuş Fariz Bədəlovun valideynləri, elə həmin ildə Tovuz rayonunun Əlibəyli kəndində erməni hərbçilərinin oyuncaqda gizlətdikləri qumbaranın partlaması nəticəsində həlak olmuş Aynur Şaxmalıyevanın anası danışırlar. Filmin çəkilişləri Tovuz, Ağdam və Füzuli rayonlarının cəbhəyanı bölgələrində həyata keçirilib, erməni faşizminin cinayətkar mahiyyətini ifşa edən arxiv sənədlərdən istifadə olunub.

Sonra film ətrafında geniş müzakirələr aparılıb.

azertag.az