Milli Arxiv İdarəsi seminar-məşğələlərini davam etdirir
7.11.2017

Milli Arxiv İdarəsi respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərini davam etdirir. Belə ki, idarə tərəfindən Dövlət Arxivinin Lənkəran filialında, filialın və ona tabe olan rayon dövlət arxivlərinin rəhbərləri və əməkdaşları üçün növbəti seminar məşğələ keçirilib.

Bu barədə Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov məlumat verib. “Seminarda Dövlət Arxivinin Lənkəran filialının rəhbərliyi və əməkdaşları, həmçinin filiala tabe olan Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivlərinin müdirləri iştirak edib. Seminar məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları - Həsən Həsənov, Natiq Eminov və Həbib Həsənov tərəfindən aparılıb.

Seminarın sonunda rayon arxivlərini maraqlandıran məsələlər barədə geniş müzakirələr aparılmaqla yanaşı, idarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə təqdim edilib”,- deyə N. Eminov söyləyib.

Qeyd edək ki, seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi, sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və müzakirələrin aparılması nəzərdə tutulub.

azertag.az