“Discovery Azerbaijan” jurnalının yeni nömrəsində
6.11.2017

“Discovery Azerbaijan” jurnalının payız nömrəsi Azərbaycanı və dünyanı qiyabi kəşf etmək istəyən oxucuların ixtiyarına verilib.

Jurnalın yeni nömrəsində əvvəlcə zəngin tarixli, gözəl təbiətli İsmayıllıdan söz açılır. Belə ki, Milli Məclisin İsmayıllıdan olan deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, tanınmış bəstəkar Novruz Aslanla müsahibədə də bu diyar qarış-qarış kəşf olunur.

Eyni zamanda, jurnalın bu nömrəsində divar yazıları və divar şəkilləri vasitəsilə özünüifadə sənətinin – qrafitinin Azərbaycanda və dünyada keçdiyi inkişaf yolundan danışılır.

Oxucular tanınmış səyyah-jurnalist Azər Qəribin duzlu-məzəli söhbətlərini və səfər xatirələrini də bu nömrədə oxuya biləcəklər. Həmçinin jurnalda Kipr və İordaniyanın məşhur turizm məkanları haqqında məlumatlar da yer alıb.

azertag.az