Tərtərdə “Bayraq yürüşü” keçiriləcək
6.11.2017

Azərbaycan Təhsil Nazirliyi Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirəcək.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, yürüş noyabrın 8-də baş tutacaq.
Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, millət vəkilləri, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edəcəklər.
Dövlət Bayrağı Günü ilə əlaqədar "ASAN Könüllüləri" Təşkilatı və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının birgə təşəbbüsü ilə #9noyabr həştəq kampaniyası davam edir.
Sosial kampaniyanın məqsədi Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına uyğun olaraq müstəqil Azərbaycanın keçdiyi tarixi yolda qazandığı dəyərlərin, dövlət bayrağının, onun milli simvollarının, eyni zamanda azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğidir.
Kampaniya sosial şəbəkələr üzərindən həyata keçirilir. Sosial şəbəkədə istifadəçilər #9noyabr həştəqi ilə Azərbaycan bayrağı məzmunlu paylaşım etməklə (foto, video, bloq və s.) vətənpərvərlik hisslərinin və milli tariximizin təbliğinə töhfə vermiş olurlar.

report.az