Odlar Yurdu Universitetində tələbə və məzunlara iş təklif edilib
6.11.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli gənclərin əmək bazarına inteqrasiyası və səmərəli məşğulluğuna şərait yaradılmasının dövlət məşğulluq siyasətinin əsas hədəflərindən biri olduğunu bildirib. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi aktiv məşğulluq tədbirlərində gənclərin fəal iştirakı təmin edilir. Bu ilin doqquz ayında nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanlarının münasib işlə təmin etdiyi 41,6 min nəfərdən 32,7 faizi gənclərdən ibarətdir. Nazirliyin xətti ilə həmin dövrdə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan 2 913 nəfərdən 57,2 faizini gənclər təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi istifadəyə verildiyi 2013-cü ilin dekabrından bəri Mərkəzdə 1250 nəfərə yaxın gənc müxtəlif peşələr üzrə hazırlıq kurslarına qəbul edilib. Gənclərin düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi üçün məşğulluq orqanları əsasən yuxarı sinif şagirdlərindən ibarət 67,7 min nəfər gənci peşəyönümü tədbirlərə cəlb edib.

“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri gənclərin əmək bazarına inteqrasiyasında, tələbə və məzunlara öz ixtisaslarına uyğun karyera qurmaq imkanlarının yaradılmasında mühüm rol oynayır. Dövlət Məşğulluq Xidmətinin bu il respublikamızın 9 ali təhsil müəssisəsində keçirdiyi “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərində ümumilikdə 2,6 min vakant iş yeri təklif olunub, tələbə və məzunlara seçdikləri vakant iş yerlərinə göndərişlər verilib, habelə onlar işəgötürənlərə öz şəxsi məlumatlarını (CV) təqdim ediblər.

Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında işəgötürənlərin nümayəndələrinin də iştirakı ilə keçirilən aktiv məşğulluq tədbirində 50-si özəl, 4-ü dövlət sektoruna aid 54 müəssisə tərəfindən 267 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin vakant iş yerlərinin 49-u dövlət, qalan 218-i isə özəl müəssisələrə aid olub.

Tədbirdə tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə məlumatlar verilib. Onlara işəgötürənlərlə ilkin əlaqələr quraraq, öz şəxsi məlumatlarını (CV) təqdim etmələrinə şərait yaradılıb. İşəgötürənlər isə gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanıblar. Tədbir zamanı iştirakçılara seçdikləri vakant iş yerlərinə göndərişlər verilib.

azertag.az