“Xetde.az” elektron portalı təqdim olunub
6.11.2017

Gənclər Təşkilatları Milli Şurası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Xətdə” proqramı çərçivəsində “Xetde.az” elektron portalını təqdim edib.

Şuradan bildiriblər ki, portal Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Qeyri-hökumət təşkilatları tərəfindən sosial şəbəkələrdə milli və ictimai maraqların müdafiəsi üçün alətlərin yaradılması” layihəsi çərçivəsində hazırlanıb.

Layihənin məqsədi Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində sosial şəbəkələrdə təbliğat işlərinin daha da genişləndirilməsi, bu məsələdə gənclərin fəallığının artırılmasıdır.

Təqdimat mərasimində portalın məqsədi, strukturu, istifadə qaydaları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, “Xetde.az” elektron portalı onlayn təbliğat kampaniyalarının yaradılması və idarə edilməsi üçün müxtəlif alətlər paketlərinin cəmləşdiyi platformadır. Bu platforma vasitəsilə istənilən şəxs və ya qurum sosial şəbəkələrdə təbliğat və təşviqat kampaniyasının yaradılması, idarə olunması, kampaniyanın mövzularına uyğun materialları əldə edə bilər.

Layihənin hədəf qrupuna qeyri-hökumət və gənclər təşkilatlarının nümayəndələri, sosial şəbəkələrdə fəal gənclər, ekspertlər, tələbələr, könüllülər və digər sahədə çalışan gənclər daxildirlər.

Xatırladaq ki, 2013-cü ildə start verilən “Xətdə” proqramının məqsədi gənclərin şəbəkələşməsi, onların İT sahəsinə marağının artırılması, sosial şəbəkələrdən düzgün istifadə üçün alətlərin yaradılmasıdır. Proqram çərçivəsində indiyədək “Retweet”, “Creatweet”, “Xocalıya Ədalət”, “31 mart soyqırımı”, “JusticeForZahra” və s. kampaniyalar həyata keçirilib.

azertag.az