Qanvermə xərçəng riskinin azalmasına kömək edir
3.11.2017

Qanvermənin insan sağlamlığına bir sıra faydaları var.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına istinadla xəbər verilir ki, qanvermənin sağlamlığa faydalarından biri hemoxromatoz riskini azaltmasıdır. Bağırsaqlardan dəmirin çox miqdarda sorulması və həyati vacib orqanlarda toplanması hemoxromatoz adlandırılır. Bu, irsi, alkoqolizm, anemiya və ya digər səbəblərdən ola bilər. Daimi qanvermə dəmir yükünü azaltmağa kömək edə bilər. Lakin donorun standart qanvermə uyğunluq meyarlarına cavab verdiyinə əmin olmaq mütləqdir. Qanvermənin daha bir faydası antixərçəng təsiri göstərməsidir. Belə ki, qanvermə xərçəng riskinin azalmasına da kömək edir. Qan verərək, bədənin dəmir depoları sağlam səviyyədə saxlanılır. Bədəndə dəmir səviyyəsinin azalması isə aşağı xərçəng riski ilə əlaqələndirilir.

Sağlam ürək və qaraciyərə də qanvermə vasitəsilə sahib olmaq olar. Qanvermə ürək və qaraciyər xəstəliklərinin bədəndə dəmir yüklənməsinin səbəb olduğu risklərin azaldılmasında faydalıdır. Dəmirlə zəngin pəhriz orqanizmdə dəmir səviyyəsini artırır, həddindən artıq miqdarı isə ürək, qaraciyər və pankreasda depolanır. Bu da serroz, qaraciyər çatışmazlığı, pankreasın zədələnməsi və aritmiya kimi xəstəliklərin yaranma riskini artırır. Qanvermə dəmir səviyyəsinin saxlanmasına kömək edir və müxtəlif xəstəliklərin yaranma riskini azaldır.

Qanvermə vasitəsilə çəki itirmək də mümkündür. Daimi qanvermə donorların çəkilərini azaldır. Bu, həddindən artıq çəkili insanlara, ürək-damar xəstəlikləri və digər sağlamlığı riskə atan xəstəlikləri olanlar üçün çox faydalıdır. Lakin eyni zamanda tez-tez qan vermək düzgün deyil hansısa bir sağlamlıq problemindən qaçınmaq üçün qan bağışlamadan əvvəl həkimə müraciət etmək mütləqdir.

Qanvermə həm də yeni qan hüceyrələri əmələ gətirir. Qan bağışladıqdan sonra, orqanizm qan itkisini kompensasiya etmək üçün çalışır ki, bu da yeni qan hüceyrələrinin istehsalını stimullaşdırır və nəticədə orqanizmin sağlamlığını təmin edir.

azertag.az