Gənc azərbaycanlı pinqvinlərin populyasiyası barədə proqnozları ilə məşhurlaşıb
3.11.2017

Nyu-Meksiko ştatının Albukerka şəhərində Şimali Amerikanın heyvanat aləminin qorunması sahəsində ixtisaslaşan “Vəhşi heyvan həvəskarları cəmiyyəti” adlı beynəlxalq elmi-təhsil assosiasiyasının 2017-ci il üzrə konfransı keçirilib.

Səkkiz yaşlı azərbaycanlı Mikayıl Bəxtiyarov həmin konfransda məruzə ilə çıxış edən ən gənc və ən populyar iştirakçı olub. Konfransda imperator pinqvinləri haqqında öz araşdırmalarını təqdim etmiş gənc azərbaycanlının uğurları barədə assosiasiyanın saytında yerləşdirilmiş məlumatda qeyd edilir ki, Mikayılın şəxsi kitabxanasında fillərdən başlamış pələnglərə qədər ən müxtəlif vəhşi heyvanlar haqqında yüzlərlə kitab var.

Mikayılın atası Aqşin Bəxtiyarovun sözlərinə görə, oğlan hələ dörd yaşında ikən kitab oxumağa başlayıb və o vaxtdan vəhşi heyvanlarla maraqlanır. Valideynləri ona vəhşi təbiət haqqında çoxlu kitab alıblar. Mikayıl imperator pinqvinlərinin nəslinin kəsilməsi təhlükəsi altında olduğunu biləndən sonra bu problem barədə xeyli informasiya toplayıb və “Vəhşi heyvan həvəskarları cəmiyyəti”nin növbəti konfransında bu barədə öz biliklərini nümayiş etdirməyi qərara alıb.

Stend məruzələri sessiyasında konfrans iştirakçılarının suallarını cavablandıran Mikayıl növbəti 35 ildə imperator pinqvinləri barədə öz proqnozlarını elan edib. Gənc tədqiqatçının proqnozları son 60 ildə pinqvinlərin populyasiyasının azalması barədə məlumatlara əsaslanır.

“Son 60 ildə imperator pinqvinlərinin populyasiyasının azalması qlobal istiləşmənin Antarktikaya təsiri ilə bağlıdır”, - deyən Mikayıl daha sonra əlavə edib ki, pinqvinlərin populyasiyasının artırılması və qlobal istiləşmə səviyyəsinə nəzarət edilməsi üçün insanlar “avtomobillərdən, təyyarələrdən, qayıqlardan istifadə etməməli, ehtiyac olmadıqda işığı söndürməlidirlər”.

Cəmiyyətin növbəti konfransı gələn il Ohayo ştatının Klivlend şəhərində keçiriləcək. Mikayıl indidən həmin konfransa hazırlaşır. Qeyd edək ki, Mikayıl Bəxtiyarov öz valideynləri və kiçik qardaşı ilə bərabər Merilend ştatında yaşayır və “Deep Run” ibtidai məktəbində oxuyur.

azertag.az