Avropa Film Festivalı çərçivəsində Tiyeri Fremonun “Lumyer!” filmi nümayiş etdirilib
3.11.2017

Noyabrın 2-də VIII Avropa Film Festivalı çərçivəsində “Park Cinema”da Fransa rejissoru Tiyeri Fremonun "Lumyer!” filmi nümayiş etdirilib.

Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə ekran əsəri fransızca və rus subtitri ilə təqdim olunub.

Fransanın Azərbaycandakı səfirinin birinci müşaviri Fabien Dru-Lozinski və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrindən söz açıblar. Habelə tanınmış rejissor, ssenarist, musiqiçi və yazıçıların əsərlərinin dünyada təbliği istiqamətində görülən işlərdən danışıblar.

Qeyd edilib ki, 1895-ci ildə Lumyer qardaşları “Cinematoqraf” aparatını ixtira ediblər. Onlar səhnələşdirmə, hərəkətli və quraşdırılmış çəkiliş, remeyklə yanaşı, kino çəkmək sənətinin də yaradıcısıdırlar. Həmin vaxtdan bəri Fransa kino sənəti dünyaya yönəlmiş müstəsna baxışı özündə təcəssüm etdirir.

Film Tiyeri Fremo, Lui və Oqüst Lumyer, Martin Skorsezenin iştirakı ilə nümayiş olunub.

azertag.az