Səfir: Bakı-Cakarta aviareysinin açılması istiqamətində iş aparılır
2.11.2017

Tezliklə Bakıdan İndoneziyanın paytaxtı Cakartaya aviareysin açılması istiqamətində iş aparılır.

Bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani açıqlamasında deyib.

Səfir bildirib ki, Azərbaycanla İndoneziya arasında hava əlaqəsi Bakı-Doha-Cakarta, Bakı-İstanbul-Cakarta və əks istiqamətlər şəklində mövcuddur. Hər iki ölkə arasında hava nəqliyyatı ilə birbaşa müntəzəm uçuşların təşkil edilməsi üçün isə həll edilməsi vacib olan məsələlər var. Bu məsələlərdən ən vacibi iki ölkə arasında sərnişin axınını təmin etməkdir. Hər iki ölkənin xalqları bu səfərlərə maraqlı olmalıdır. Bununla bağlı bir çox işlər görülür. Ölkələrin təbliği ilə bağlı proqramlar hazırlanır və həyata keçirilir. Düşünürəm ki, bu istiqamətdə işlər görüldükdən sonra tezliklə Bakı-Cakarta aviareysinin açılması məsələsi gündəmə gələ bilər.

azertag.az