2018-ci il Formula-1 Azərbaycan Qran-Prisi üçün marşalların qeydiyyatı başlayıb
1.11.2017

Gələn il aprelin 27-29-da Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi üçün marşalların qeydiyyatı prosesinə başlanılıb. Proses marşallıq fəaliyyətinə dair bütün vakant yerlər dolana qədər davam edəcək.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) gələnilki yarışa 1150 marşal cəlb etmək niyyətindədir. İndiyədək Bakıda keçirilmiş Formula-1 yarışlarında yüksək peşəkarlıqla iştirak edən 1704 marşala beynəlxalq dərəcəli marşallıq lisenziyası verilib. Lisenziyası olan hər bir marşal Azərbaycan Qran-Prisi ilə yanaşı, Formula-1 dünya çempionatının istənilən mərhələsində yarışlarda iştirak üçün müraciət edə bilər.

BŞH-nin idman şöbəsinin, həmçinin BMK-nın rəhbəri Çingiz Mehdiyev ölkədə marşallıq fəaliyyətinə maraq sürətlə artdığı üçün növbəti yarışla əlaqədar yeni müraciətlərin qəbul ediləcəyini bildirib: “Son illər Azərbaycanda marşallıq fəaliyyəti sürətlə inkişaf edir. Bunu Bakıda keçirilən Formula-1 yarışlarında marşal olmaq istəyənlər tərəfindən edilən çoxsaylı müraciətlərdə görmək mümkündür”.

Ç.Mehdiyev bildirib ki, hər ötən il bu könüllü fəaliyyətə maraq getdikcə artır. Bu səbəbdən artan tələbatı ödəyə bilmək üçün bu il marşallıq fəaliyyəti üzrə yeni 350 vakansiya açmışıq. Bizə qoşulmaq istəyən Formula-1 həvəskarlarını gecikmədən “Marşal proqramı”na müraciət sistemi vasitəsilə qeydiyyatdan keçməyə dəvət edirəm.

2018-ci il Formula-1 Azərbaycan Qran-Prisinin marşalı olmaq istəyən 21 yaşdan yuxarı hər bir şəxs www.bakumarshalsclub.az saytına daxil olaraq müraciət edə bilər.

Marşallıq fəaliyyətinə qəbul və təlim prosesinin bütün mərhələlərindən uğurla keçən namizədlər Azərbaycan Avtomobil Federasiyası tərəfindən beynəlxalq dərəcəli marşal lisenziyası ilə təmin olunacaqlar. Bu lisenziyanı əldə edən hər bir marşal trekə ən yaxın mövqedən yarışı canlı izləyə biləcək, həmçinin yarış ərəfəsində keçiriləcək müxtəlif tədbirlərdə iştirak etməklə yanaşı, digər ölkələrdə keçirilən Qran-prilərdə yer almaqla Formula-1 dünyasını yaxından kəşf etmək imkanına sahib olacaqlar.

azertag.az