Kinosevərlər “Nar bağı”nı yenidən izləmə fürsəti qazanıb
1.11.2017

Noyabrın 8-də “Park Cinema Metropark”da rejissor İlqar Nəcəfin “Nar bağı” filmi nümayiş olunacaq.

Ekran əsəri Bakıda keçirilən VIII Avropa Film Festivalı çərçivəsində təqdim ediləcək. Kinosevərlər xronometrajı 90 dəqiqə olan filmi ingilis dilində subtitrlərlə izləyə biləcəklər.

Qeyd edək ki, “Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

azertag.az