Milli təsviri sənət irsinin qorunması və təbliği məqsədilə yeni veb-sayt istifadəyə veriləcək
20.10.2017

Oktyabrın 27-də Muzey Mərkəzində Azərbaycan rəssamlarının vahid informasiya bazasının və Azərbaycan Dövlət Rəsm Qalereyasının veb-saytının (www.azgallery.az) təqdimatı olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə ərsəyə gələn elektron ünvanın yaradılması ölkəmizdə bu sahədə baş verən mədəni hadisələri işıqlandırmaqla yanaşı, sənətsevərlərə qalereyanın fəaliyyəti ilə yaxından tanış olmağa imkan yaradacaq.

Nazirlikdən bildirilib ki, Dövlət Rəsm Qalereyasının əməkdaşları tərəfindən yaradılan elektron resurs Azərbaycan təsviri sənət nümayəndələrinin bioqrafiya və sənət əsərlərinin bir mərkəzdə toplanması, istifadəsinin əlverişli olması, habelə milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasını təmin edəcək.

Milli təsviri sənət irsinin qorunması və təbliği məqsədilə yaradılan veb-sayt Azərbaycan incəsənəti və təsviri sənəti haqqında mərkəzləşdirilmiş elektron informasiya resursudur.

azertag.az