Mövsümün ən böyük hesabı "Neftçi"dən gəldi
16.10.2017

Azərbaycan Premyer Liqasında mövsümün ən böyük hesabı qeydə alınıb.

PFL-in saytına istinadən verilən məlumata görə, VIII turun “Səbail”lə səfər oyununda 4:0 hesablı qələbə qazanan “Neftçi” cari mövsümdə 4 və ya daha çox top fərqi ilə qalib gələn ilk komanda olub. Bunadək qeydə alınan üç böyükhesablı nəticənin hamısında fərq 3-ə bərabər olub.

Bu məğlubiyyət “Səbail”in tarixinə Premyer Liqadakı ilk böyükhesablı yenilgi kimi düşüb. Paytaxt təmsilçisi buna üzülən 58-ci komanda olub. Bununla da nəticələri ləğv olunan “Gənclik”dən başqa Premyer Liqada oynayaraq belə yenilgi almayan komanda qalmayıb. Bu siyahıda antirekord MOİK-ə məxsusdur – 52 böyükhesablı məğlubiyyət.

Belə qələbələr sayında rekordçu olan “Neftçi” isə 118-ci uğuruna sevinib. “Ağ-qaralar” bu il aprelin 15-də AZAL üzərində 4:0 hesablı qələbədən 183 gün sonra böyük fərqlə qalib gəlib. Son böyükhesablı qələbələrini evdə qazanan “Neftçi” rəqib meydanında belə uğuru təxminən 4 il 8 aydan sonra əldə edib. Bakılılar səfərdəki son belə qələbəsini 1709 gün əvvəl - 2013-cü il fevralın 9-da “Kəpəz”i 3:0 hesabı ilə udanda qazanmışdı. Maraqlıdır ki, həmin qarşılaşma da “Səbail” – “Neftçi” matçının keçirildiyi “Dalğa Arena”da baş tutmuşdu.

trend