Azərbaycan filmi Koreyada “Dünya kino həftəsi” festivalında nümayiş etdiriləcək
16.10.2017

Noyabrın 1-dən 8-dək Seulda Koreya Respublikası Film Arxivinin təşkilatçılığı və Koreya Mədəniyyət, İdman və Turizm Nazirliyinin dəstəyi ilə “Dünya kino həftəsi” festivalı keçiriləcək. Gələn il PyonqÇanq şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına həsr olunan festivalın məqsədi iştirakçı ölkələrin mədəniyyətlərinin Koreya ictimaiyyətinə tanıdılmasıdır.

Ölkəmizin Koreya Respublikasındakı səfirliyindən bildiriblər ki, festivalda Azərbaycan, Almaniya, Avstriya, Rusiya, Fransa, Ukrayna, Özbəkistan da daxil olmaqla 25 ölkə təmsil olunacaq.

“Dünya kino həftəsi”ndə SEBA Azərbaycan – Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən Koreya dilinə subtitrlə tərcümə etdirilmiş “Axınla aşağı” (rejissor Asif Rüstəmov) filmi nümayiş olunacaq.

Qeyd edək ki, Koreyada “Dünya kino həftəsi” ilk dəfə ötən il 9 ölkənin iştirakı ilə keçirilib. Azərbaycan sözügedən festivalda ilk dəfə iştirak edəcək.

azertag.az