Yaratdığı obrazlarda xarakterik ifadə vasitələrinə üstünlük verən aktrisa
16.10.2017

Oktyabrın 16-də Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq Artisti Məhluqə Sadıqovanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir Prezident İlham Əliyevin “Məhluqə Sadıqovanın 100 illiyinin keçirilməsi haqqında” Sərəncamına əsasən reallaşıb.

Tədbirdə Xalq Artisti Azərpaşa Nemətov çıxış edərək sənətkarın milli mədəniyyətimizin inkişafındakı xidmətlindən danışıb.

Respublikanın tanınmış, elm, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə A. Nemət unudulmaz sənətkarın Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətlərini vurğulamaqla yanaşı, onun yaratdığı obrazlar qalereyasına nəzər salıb.

Qeyd edilib ki, Məhluqə Sadıqova Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

O, qırx ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin əvəzsiz aparıcılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova “Oqtay Eloğlu”, “Solğun çiçəklər”, “Almaz”, “Sevil”, “Dönüş” və “1905-ci ildə”, Göy quş”, “Skapenin kələkləri”, “Pəri cadu”, “Vaqif”, “Fərhad və Şirin” və “Xanlar”, “Günahsız müqəssirlər”, “Şeyx Sənan”, “Qış nağılı”, “Vanya dayı”, “Şeytanın şagirdi”, “Nazirin xanımı”, “Lənkəran xanının vəziri”, “Qadın faciəsi”, “Yalan”, “Atayevlər ailəsi”, “Şöhrət və ya unudulan adam” və digər səhnə əsərlərində mükəmməl obrazlar yaradıb.

Xalq Artisti Hacı İsmayılov və digər sənət adamları aktrisanın sənətdəki əvəzsiz xidmətlərindən, insani keyfiyyətlərindən bəhs ediblər.

Tədbir ədəbi-bədii hissə ilə davam edib.

azertag.az