"Caspian Energy Tourism Forum"a qeydiyyat davam edir
13.10.2017

Oktyabrın 18-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə keçiriləcək Caspian Energy Tourism Forum-a iştirakçıların qeydiyyatı davam edir.

Bunu Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib.

Onun sözlərinə görə, foruma qeydiyyat oktyabrın 17-dək açıqdır. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olmalısınız: http://www.caspianenergy.org/index.php/registration/item/126-agro-industry-and-fmcg-forum-tourism-forum-18-10-2017.

T.Əliyev qeyd edib ki, forum Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə təşkil olunacaq. Foruma həmçinin, Xəzər-Qara dəniz regionu ölkələrinin iri avia və turizm şirkətlərinin rəhbərləri qatılacaq”.

O həmçinin bildirib ki, forum Caspian European Club və Caspian American Club üzvlərinin çoxsaylı xahişləri nəzərə alınaraq təşkil olunub. Bundan başqa, forum eyni zamanda tədbirdə iştirak etməsi planlaşdırılan dilpomatik nümayəndəlik və xarici şirkət rəhbərlərində də böyük maraq doğurub.

T.Əliyev həmçinin xatırladıb ki, Caspian Energy Tourism Forum çərçivəsində Caspian European Club-un İdarə heyəti üzvlərinin əsas seçkiləri baş tutacaq. Seçkilərin nəticəsi həmin gün ənənəvi CEO Lunch Baku-da açıqlanacaq. Onun sözlərinə görə, oktyabrın 18-i günün ikinci yarısında Caspian European Club və Caspian American Club çərçivəsində “Vegilər Məcəlləsində dəyişikliklər” mövzusunda seminar keçiriləcək. Seminarı “Barattson School of Business and Finance” tədris müəssisəsinin nümayəndəsi Azər Qəmbərov aparacaq.

Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində, Avropa İttifaqı dövlətlərində ildə bir neçə dəfə keçirilən Caspian Energy Forum neft və qeyri-neft sektoru şirkətləri üçün fəal meydan rolunu oynayır.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin kiçik və orta biznesin, startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.

trend.az