“Yuğ”un kollektivi yeni tamaşanın məşqlərinə başlayıb
10.10.2017

Azərbaycan Dövlət “Yuğ” Teatrı 29-cu mövsümdə təqdim edəcəyi yeni -“Quş dili” tamaşasının məşqlərinə başlayıb.

Teatrın mətbuat katibi Könül Cəfərova sənət ocağında hazırlanan yeni tamaşa haqqında məlumat verib.

“Tamaşada cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrail gəlir. Əzrailin gəlişi həmişə hadisədir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir. Səhnə əsərində qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən. Aşkar sınağın mükafatı isə gizli gələr həmişə. Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq. Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var”, - deyə K.Cəfərova bildirib.

Tamaşanın müəllifi - rejissor Əbdülqəni Əliyev, mətnin müəllifi -Təranə Vahiddir. Səhnə əsərində Əməkdar Artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və Ləman Novruzova iştirak edəcək.

Qeyd edək ki, tamaşanın premyerası yaxın vaxtlara nəzərdə tutulur.

azertag.az