Görkəmli kinooperator Arif Nərimanovun xatirəsi yad olunacaq
4.10.2017

Oktyabrın 6-da Dövlət Film Fondunda Əməkdar İncəsənət Xadimi, görkəmli kinooperator Arif Nərimanovun 100 illiyi çərçivəsində tədbir keçiriləcək.

Dövlət Film Fondundan bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə reallaşacaq tədbirdə sənətkarın milli kinomuzun inkişafındakı xidmətlərindən danışılacaq, keçdiyi ömür yoluna nəzər salınacaq.

Tədbir çərçivəsində kinooperatorun həyat və yaradıcılığını əks etdirən fotosərgi açılacaq, videoçarx nümayiş olunacaq.

Qeyd edək ki, 1917-ci il aprelin 13-də anadan olan sənətkar, 1944-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib.

1944-cü ildən ömrünün sonuna kimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əvvəllər ikinci operator, sonralar quruluşçu operator vəzifəsində çalışıb.

O, “Fətəli xan”, “Bakının işıqları”, “Arşın mal alan” bədii filmlərinin ikinci operatoru, eyni zamanda, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun”, “Möcüzələr adası”, “Qaraca qız”, “İnsan məskən salır”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Həyat bizi sınayır”, “Var olun, qızlar”, “Ürək, ürək”, “Bayquş gələndə”, “Onun bəlalı sevgisi” və digər ekran əsərlərinin quruluşçu operatoru olub.

azertag.az