Sabunçu rayonunda yeni inşa edilən binanın sakinlərinə mənzillərin açarı təqdim olunub
2.10.2017

Ölkə Prezidenti İlham Əliyevin göstərişinə əsasən Nazirlər Kabinetinin 2015-ci il avqustun 8-də qəbul etdiyi “Bakı şəhəri, Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “Pilot layihə” formatında rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yeni binaların inşa edilməsi və köçürülmüş sakinlərin mənzillə təmin olunmasına başlanılıb.

Rayon icra hakimiyyətindən bildiriblər ki, ilk belə pilot layihə Sabunçu rayonunda həyata keçirilib.

Həmin layihənin davamı olaraq Bakıxanov qəsəbəsində inşa edilən növbəti binanın açılışı olub. Yeni yaşayış binası 10 mərtəbəli, 2 girişli və 122 mənzillidir. Tam təmirli mənzillərin sahələri onların əvvəlki mənzillərinin sahəsindən 65 faiz çoxdur. Tədbir çərçivəsində 40-dək ailəyə mənzillərinin açarları təhvil verilib.

Vətəndaşların rahatlığına xüsusi əhəmiyyət verən Əmlak Məsələləri Dövlət Komitəsi həmin gün binanın 40-a yaxın sakininə onların mənzil üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışlar təqdim edib.

azertag.az