Qanvermənin sağlamlıq üçün faydaları
26.9.2017

Bu məqalədə biz qanvermənin donorun sağlamlığı üçün olan xeyiri haqda məlumat vermək istərdik. Bəli, öz qanını digər insanlarla paylaşan insan bunu etməklə öz orqanizmini daha möhkəm və sağlam edir.
Hələ qədim zamanlardan qanalma müxtəlif xəstəliklər zamanı müalicə üsulu kimi istifadə olunurdu. Müasir tibdə sübut olunub ki, donorluq insanın sağlamlığına nəinki zərər vurmur, əksinə böyük xeyir gətirir.
- Böyüklərin orqanizmində təxminən 5,5 litr qan olur. Qanvermə zamanı 450 qr kimi qan alına bilər ki, bu insanın sağlamlığı üçün heç bir təhlükə yaratmır.
- Qanvermə orqanizmə güclü stimullaşdırıcı təsir edir. Qan hücüyrələri sürətlə bərpa olunur, qan yenilənir, orqanizm yenilənir. Bu isə orqanizmə ümumi möhkəmləndirici və cavanlaşdırıcı təsir edir.
2007-ci ildə Danimarka və İsveçrə həkimləri donorlarla bağlı olan ciddi araşdırmalar apardılar. Nəticədə məlum oldu ki, adi insanla müqayisədə müntəzəm qan verən donorlar arasında dəri, qan, oynaqlar və əzələ, böyrək, ağ ciyər, sinir sistemi və s. xəstəlikləri daha az yayılıb. Donorlar arasında ürək-damar və onkoloji xəstəliklərindən ölüm halları adi insanlarla müqayisədə 25-30% azdır.
- Sübut olunub ki, daim qan verən insanın müxtəlif travmalar, qəzalar və s. nəticəsində qanaxmadan həlak olmaq riski adi insanla müqayisədə daha azdır. Yəni donor və adi insan eyni travma alarsa, donorun sağ qalmaq ehtimalı daha yüksəkdir. Bu xüsusilə peşələri risklə bağlı olan insanlar üçün (polislər, hərbiçilər, xilasedicilər və s.) vacibdir.
- Qanvermə müxtəlif ürək-damar sistemi xəstəliklərinin, aterosklerozun, infarktın, insultun profilaktikası sayılır. Qanvermə tromblara meylli olan insanlar üçün xeyirlidir.
- Qanvermə immun sisteminin, qara ciyərin, dalağın fəaliyyətini yaxşılaşdırır, mübadilə proseslərini sürətləndirir.
- Böyük donorluq stajı olan insanlar israr edir ki, qanvermədən sonra onlar özünü daha yaxşı və fəal hiss edir, sanki bir neçə il cavanlaşırlar.
- Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, donorlar adi insanlarla müqayisədə orta hesabla 5 il çox yaşayırlar.

saglamolun.az