“Windows” və “macOS” üçün “Google Drive” proqramı martda öz fəaliyyətini dayandıracaq
12.9.2017

“Windows” və “macOS” üçün “Google Drive” proqramı gələn ilin mart ayında öz fəaliyyətini dayandıracaq.

"Google" şirkətinin məlumatına görə, dekabrın 11-də "Google Drive" masaüstü proqramının dəstəyi, gələn il martın 12-də isə fəaliyyəti tamamilə dayandırılacaq. Bu proqramı öz kompüterinə qurmuş istifadəçilərə oktyabrda bu barədə xəbərdarlıq ediləcək.

Şirkət iki yeni proqramdan birini (istifadəçinin adi istehlakçı və ya biznes istifadəçi olmasından asılıdır) "Google Drive" proqramına əvəzetmə kimi təklif edəcək. "Google Drive" öz fəaliyyətinə davam edəcək. Veb-versiya, smartfonlar üçün proqramlar vasitəsilə bulud saxlanc sistemindən istifadə mümkün olacaq.

İndi "Google" şirkəti məlumatların ehtiyat köçürülməsi və bulud sistemində saxlanılan fayllara giriş əldə etmək üçün iki yeni alət təqdim edir. "Backup and Sync" istehlak proqramı "Google Drive" və "Google Photos Uploader" proqramlarını əvəz edəcək.

İnternet nəhəng tərəfindən korporativ seqment üçün təqdim edilmiş "Drive File Streamer" aləti lokal diskdə yerə qənaət edir və kompüterdən "Google Drive"da saxlanılan bütün fayllara daha sürətli giriş əldə etməyə imkan verir. "Faylların sinxronlaşdırılması və diskdə yer sahəsi kimi artıq vaxt alan qayğılarla vidalaşın”, – deyə ABŞ şirkətinin nümayəndəsi bildirib.

azertag.az