“Neftçi”yə yeni baş məşqçi təyin olunub
11.9.2017

"Neftçi”nin əsas komandasına yeni baş məşqçi təyin olunub.
Paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verilir ki, “ağ-qaralar”a Tərlan Əhmədov rəhbərlik edəcək.
45 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb. T.Əhmədov bu gün saat 17:00-da komandanı məşqə çıxaracaq.
Azərbaycan Premyer Liqasının V turu çərçivəsində sentyabrın 16-da baş tutacaq "Neftçi” – "Zirə” oyunundan bir gün əvvəl yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, T.Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib. 45 yaşlı mütəxəssis 2011-2013-cü illərdə "Neftçi”də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komanda Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).

report.az