Bakıda "Kitab bayramı" keçiriləcək
11.9.2017

Bakıda "Kitab bayramı 2017" sərgi-yarmarkası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verilir ki, kitabın təbliği, reklamı, yayımı və satışı əsasları ilə fəaliyyət göstərən Respublika Kitabxana Kollektoru cari ildən etibarən qapılarını kitabsevərlərin üzünə açmağı və ünvanını kitabın təbliği ilə tanıtmağı planlaşdırır.

Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi, Nizami rayon İcra Hakimiyyəti və Respublika Kitabxana Kollektorunun təşkilatçılığı ilə cari ilin 12 sentyabr – 22 sentyabr tarixində Heydər Əliyev parkında (ünvan: Nizami rayonu) yeni dərs ilinin başlanması ilə əlaqədar “Kitab bayramı 2017” adlı sərgi-yarmarka keçiriləcək.

Tədbirin 12 sentyabr saat 11:00-da gerçəkləşəcək açılış mərasimində respublikanın tanınmış ədəbi, ictimai-siyasi xadimlərinin iştirakı planlaşdırılır.

Sərgi-yarmarka, açılış günü istisna olmaqla, digər günlərdə saat 09:00-dan 19:00-dək ziyarətçilərini qəbul edəcək.

trend.az