Azərbaycan Dövlət İqtisad Universitetində Oriyentasiya Günü keçiriləcək
8.9.2017

Sentyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Oriyentasiya Günü keçiriləcək.

UNEC-dən bildirilib ki, dünya universitetlərində ənənəvi təşkil olunan Oriyentasiya Gününün məqsədi yeni qəbul olan gəncləri ali məktəb həyatı ilə tanış etmək, onlara əyləncəli və pozitiv gün yaşatmaqdır.

Gün ərzində tələbələr üçün UNEC barədə təqdimatlar keçiriləcək, məlumat və bələdçi xidməti fəaliyyət göstərəcək. Eyni zamanda, tələbələr musiqi nömrələri ifa edəcək, onlar üçün əyləncəli oyunlar və rəsm sərgisi təşkil olunacaq. UNEC-in Karyera Mərkəzi universitetə yeni qədəm qoyan gənclərə məsləhətlər də verəcək.

Tədbir zamanı peşəkar foto və video xidməti fəaliyyət göstərəcək.

Oriyentasiya Günü saat 11-dən 15-dək UNEC-in bütün tədris binalarında keçiriləcək.

Universitetə yeni qəbul olan gənclərlə yanaşı, onların valideynləri və digər qonaqlar da tədbirə dəvətlidir.

azertag.az