Azərbaycan-Türkiyə-Gürcüstan sammitinin gələn il keçirilməsi planlaşdırılır
6.9.2017

"Gələn il Azərbayacan-Türkiyə-Gürcüstan sammitini keçirmək fikrimiz var".
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli və gürcüstanlı həmkarları ilə görüşdən sonra açıqlayıb.
O həmçinin vurğulayıb ki, bu il üç ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur.
E.Məmmədyarovun sözlərinə görə, üçtərəfli görüş zamanı nazirlər aktual siyasi və iqtisadi məsələləri müzakirə ediblər.
"Cənub Qaz Dəhlizi" layihəsi fəal şəkildə davam edir. Hər üç ölkə prosesdə iştirak edir", - Azərbaycan diplomatı bildirib.
O, tərəflərin həmçinin nəqliyyat dəhlizləri layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsini müzakirə etdiklərini əlavə edib: "Bu dəhlizin Gürcüstan hissəsinin oktyabrda başa çatacağına ümid edirik".
Nazirlər həmçinin Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilməsinin gedişatını da müzakirə ediblər.
Öz növbəsində, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu üç ölkənin sammitinin gələn il Türkiyədə keçirilməsinin planlaşdırıldığını vurğulayıb.

report.az