Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını yeni mövsümdə böyük yeniliklər gözləyir
6.9.2017

Sentyabrın 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının növbəti - 90-cı mövsümü ilə əlaqədar iclas keçirilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, iclasda teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov çıxış edərək kollektivin yeni, yubiley mövsümünü təbrik edib.

Bildirilib ki, 90-cı mövsümdə teatrı böyük yeniliklər gözləyir. Eyni zamanda, qarşıda duran vəzifələr haqqında məlumatı diqqətə çatdıran teatrın rəhbəri ilin sonunadək görüləcək işlər haqqında ətraflı məlumat verib.

Qeyd edilib ki, daim axtarışda olmaq, tamaşaçıların görüşünə onları sevindirəcək və teatrı sevdirəcək əhvalda çıxmaq hər bir yaradıcı kollektivin mənəvi borcudur.

Bu mövsümdə yeni bir beynəlxalq layihənin həyata keçiriləcəyini diqqətə çatdıran direktor deyib: “Bakı Yunis Əmrə İnstitutu ilə birgə “Koroğlu” dastanının motivləri əsasında hazırlanacaq “Eşqi nigar” tamaşasının premyerası noyabr ayı üçün nəzərdə tutulub. Eyni ayda digər premyera isə C.Sviftin “Qulliver Cırtdanlar ölkəsində” adlı tamaşa olacaq. İlin sonunda isə “Qar kraliçası” adlı tamaşa təhvil veriləcək”.

“Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin hüdudlarından kənarda da yetərincə tanınır və böyük nüfuza malikdir. Bu səbəbdən də il ərzində teatr müxtəlif festivallara və teatr bayramlarına dəvət alır. İllər öncə Azərbaycan teatrının hər hansı beynəlxalq festivalda iştirakı yalnız arzulanırdısa, bu gün artıq yetərincə dəvət alaraq seçim etmək imkanı qazanmışıq. Çalışırıq yaradıcılıq baxımından sərfəli olan səfərlərə daha çox üstünlük verək”, – deyə Mübariz Həmidov bildirib.

Daha sonra Mübariz Həmidov teatrın mövsüm ərzində qatılacağı beynəlxalq layihələr haqqında da məlumat verilib: “Sentyabrın 7-dən 14-nə kimi kollektiv Ufa şəhərində keçiriləcək “Tuqanlıq” VI Beynəlxalq teatr festivalında iştirak edəcək. Sözügedən festivalda ölkəmizi yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” adlı təkadamlıq oyun tamaşası təmsil edəcək. Tamaşada əsas ifaçı Əməkdar Artist Kəmalə Hüseynovadır. Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, işıq üzrə rəssamı Vadim Kuskov, truykların quruluşu İsa Əsədova məxsusdur. Oktyabrın 20-dən 30-dək isə teatr Nijnevartovsk şəhərində keçiriləcək kiçik həcmli tamaşaların V Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Festivalda ölkəmiz Patrik Züskindin eyniadlı əsəri əsasında hazırlanmış “Kontrabas” tamaşası (ifaçı Əməkdar Artist Şövqi Hüseynov) ilə təmsil olunacaq”.

Teatrın direktoru yeni mövsümdə bütün yaradıcı və texniki heyətə yaradıcılıq uğurları arzulayıb.

azertag.az