Oktyabrda Macarıstana ixrac missiyası təşkil olunacaq
5.9.2017

İqtisadiyyat Nazirliyi Macarıstanın paytaxtı Budapeşt şəhərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 1-4-də təşkil olunacaq ixrac missiyasının əhatə etdiyi sahələr bunlardır: meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, şərab və digər spirtli içkilər, bal və baldan hazırlanan məhsullar, çay məhsulları, fındıq məhsulları, mineral sular, kimya sənayesi məhsulları, mebel və ev əşyaları, tekstil.

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında sentyabrın 20-də AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal; nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə – 5 bal; meyarların cəmi üzrə minimum keçid balı - 20 baldır.

İxrac missiyasında iştirak etmək üçün ərizə; sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar; sentyabrın 10-dək AZPROMO-ya təqdim edilməlidir.

azertag.az