Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək
25.8.2017

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
İlk oyun günündə iki görüş keçiriləcək.
Həftənin açılış matçı ötən mövsümün bürünc mükafatçısı “İnter”lə debütant “Səbail” arasında olacaq. Zaur Svanadzenin rəhbərlik etdiyi kollektiv yeni çempioanta “Qəbələ” (1:2) və “Qarabağ”a (0:1) məğlubiyyətlə başlayıb ki, bu da başa düşüləndir. Sözügedən komandalar sonuncu marafonu ilk pillədə başa vurmaqla yanaşı, “ağ-göylər” kimi heyət və maddi baxımdan problem yaşamırlar.
Elitanın ən gənc komandası isə artıq öz məharətini göstərməyi bacarıb. Azərbaycanın ən qocaman klubu “Neftçi”ni məğlub edən (1:0) paytaxt təmsilçisi ilk turda “Zirə”yə uduzub (1:2).
Müstəqilliyin ilk illərində mükafatlar uğrunda yarışmalarda bir-birlərinə rəqib olan “Neftçi” ilə “Kəpəz” son dönəmlərdə fərqli qrafik cızmaqdadırlar. Hər iki kollektiv mövsümə yenilgi ilə başlayıb. “Ağ-qaralar” “Səbail”lə bərabər, “Qarabağ”a məğlub olub (1:3). Gəncə təmsilçisi isə “Sumqayıt” (0:1) və “Zirə” ilə bacarmayıb (0:3).
Uğursuz startın fonunda “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev istefa verdiyi üçün komandanı “Kəpəz”lə görüşə Elşad Əhmədov çıxaracaq. “Bakcell Arena”da baş tutacaq duel bu kollektivlərin milli çempionatlar tarixində 48-ci oyunu olacaq. Əvvəlki görüşlərdən 21-də bakılılar, 18-də gəncəlilər 3 xala seviniblər. “Neftçi” son 3 oyunda əzəli rəqibinə qalib gələ bilməmklə yanaşı, qol da vurmağı bacarmayıb.
Azərbaycan Premyer Liqası
III tur
25 avqust (cümə)
18:00. “İnter” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rahil Ramazanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Fazil Mürşüdov
“İnter Arena”
20:30. “Neftçi” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Mehman Mahmudov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Kərim Ağayev
“Bakcell Arena”



report.az