Polad Bülbüloğlu: "Yeni baş direktor YUNESKO-nu maliyyə baxımından daha müstəqil etməlidir"
24.8.2017

"Dünyada mədəni və etnik müxtəlifliyi təşviq etməli olan YUNESKO-nun 10 baş direktorundan yeddisi Avropa və ya Şimali Amerika nümayəndəsi və yalnız biri müsəlman olub."
Bu barədə Azərbaycanın Rusiyadakı səfiri, YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlunun "Daily Star" nəşrində dərc edilmiş məqaləsində deyilir.
Səfir bu gün YUNESKO-nun Dünya Mədəni İrsi siyahısında Qərbin mədəniyyət abidələrinin çoxluq təşkil etdiyini qeyd edib: "YUNESKO rəhbərliyi 195 üzv ölkəni ən yaxşı şəkildə təmsil etməlidir. YUNESKO BMT-nin ən uzunömürlü və vacib agentliklərindəndir. Bu gün o daha çox mədəni irs siyahısı ilə tanınır, ancaq onun fəaliyyəti bundan çox genişdir".
P.Bülbüloğlu müsahibəsində təşkilatın indiki baş direktoru İrina Bokovanı güclü və bacarıqlı lider adlandırıb. O, ABŞ-ın YUNESKO-ya ianə verməkdən imtinasından sonra təşkilatın ciddi maliyyə vəsaiti çatışmazlığı yaşadığını da xatırladıb. "Yeni baş direktor YUNESKO-nu maliyyə baxımından nəhəng üzvlərdən daha az asılı, ümumilikdə daha çox müstəqil etməlidir. Hesab edirəm ki, həm korporasiyalar, həm də vətəndaş cəmiyyətləriylə strateji tərəfdaşlıq yolu ilə maliyyə vəsaitləri əldə etməyin yeni üsullarını tətbiq etmək lazımdır", - P.Bülbüloğlu vurğulayıb.


report.az