Mançesterdə Bakı məktəblisinə sertifikat təqdim edilib
23.8.2017

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 212 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fikrət Əmirbəyli Böyük Britaniyanın Mançester şəhərində keçirilən yay kursunda ödənişsiz iştirak edib.

BŞTİ-dən bildiriblər ki, F.Əmirbəyli məktəblilər arasında keçirilən ikinci ingilis dili olimpiadasının qalibi olduğu üçün bu imkanı qazanıb. O, yay kursu çərçivəsində ingilis dili biliklərini daha da artırıb, həmçinin yerli adət-ənənələr ilə tanış olub, Mançester şəhərinin tarixi yerlərini gəzib.

Yay kursunun sonunda Bakı məktəblisinə sertifikat təqdim edilib.

Qeyd edək ki, ikinci ingilis dili olimpiadasına paytaxt üzrə ümumi təhsil məktəblərinin X və XI sinif şagirdləri qatılıb. Olimpiada “ADA” Universitetinin təşkilatçılığı, BŞTİ, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində keçirilib. Olimpiadanın təşkilində əsas məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, şagirdlərin müvafiq bilik və bacarıqlarını sınaqdan keçirmək, onların əldə etdikləri xarici dil biliklərini möhkəmləndirmək olub.

azertag.az