Hindistanın etnoqrafiyasına dair ikicildlik dərs vəsaiti çapdan çıxıb
18.8.2017

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dillər Universitetinin (ADU) müəllimi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Bəhmən Əliyevin (Ayvazalı) “Elm və Təhsil” nəşriyyatında ikicildlik “Hindistan etnoqrafiyası” dərs vəsaiti nəşr edilib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, dərs vəsaitinin birinci cildində Hindistanın tədqiqinin mərhələləri, Hindistan etnoqrafiya (antropologiya, etnologiya) elminin yaranması və inkişafı əksini tapıb. Cilddə Hindistanın tarixi-etnoqrafik səciyyəsi oçerklər şəklində qədimdən müasir dövrədək verilib, tarixə maddi və mənəvi mədəniyyətin inkişafı müstəvisində baxılıb. Kitabda Hindistanın coğrafi şəraiti və iqliminin təsərrüfat həyatına təsiri, maddi mədəniyyət (yaşayış məskənləri və evləri, geyimlər və bəzəklər, yemək və içkilər və s.), təsərrüfatın xüsusiyyətləri, təsərrüfatı transformasiya etmiş aqrar islahatlar və sənətkarlıq araşdırılıb.

Dərs vəsaitinin ikinci cildində isə Hindistаn etnoqrafiyasının formalaşmasında dinlərin və dini inancların rolu, varna-cati sistemi, bayramlar, musiqi və rəqslər, ailə və ailə-nikah münasibətləri, irqi-etnik tərkib, etnomədəni proseslərdə dil amili, etnolinqvistik ştatların yaranması və s. məsələlər ənənəvilik və müasirlik müstəvisində araşdırılır, şərh olunur. Etnoqrafik materiallara Hindistanın tarixi, maddi və mənəvi mədəniyyəti ilə vəhdət şəklində baxılır.

İkicildlik dərs vəsaiti hindistanşünaslıq üzrə ixtisas təhsili alan ali məktəb tələbələri, magistrlər, Hindistan etnoqrafiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Dərsliyin nəşri ADU-nun Elmi Şurası tərəfindən tövsiyə edilib.

azertag.az