Birləşmiş Ərəb Əmirlikləri qəzeti: Bakı sadəliyin, sakit yaşamın ünvanıdır
18.8.2017

Azərbaycanın paytaxtı Bakı sadəliyin, sakit yaşamın ünvanıdır. Burada müxtəlif millətlərin nümayəndələri harmoniya şəraitində yaşayır.

Bu fikirlər Birləşmiş Ərəb Əmirliklərinin “Əl-İmarat əl-yaum” qəzetində Bakıya həsr edilən məqalədə öz əksini tapıb.

Məqalədə bildirilir ki, Xəzər dənizinin sahilində yerləşən, həm qədimliyi, həm də müasirliyi ilə gözəl olan Bakı şəhəri Avropa ilə Asiyanın qovuşduğu məkandır. Bakıda alış-veriş məkanlarının, muzeylərin və qədim binaların yaxın yerləşməsi şəhərdə gözəl sintez yaradır. Bakı küçələrində qışda belə həyat qaynayır. Buranın iqlimi dekabrda da günəşlidir. Sadəliyi və sakitliyi sevənlərin vaxtlarını keçirmələri üçün Bakıda məkanlar çoxdur.

Müəllif yazır ki, Qız qalası qədim Bakıda turistlərin üz tutduqları ən mühüm məkanlardandır. Bakının tarixi inkişafını əks etdirən muzey, eləcə də xatirə hədiyyələrinin satışı üçün guşə fəaliyyət göstərir. İçərişəhər Azərbaycanın tarixi qoruğudur, qala divarları ilə əhatələnib. Bura ənənəvi sənət və sənətkarlıq mərkəzi sayılır. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla İçərişəhər tarixi irs kimi qorunur. Müəllif bölgələrdə turistlərin istirahəti üçün hər cür şəraitin olduğunu da bildirir.

azertag.az