Azərbaycanda ötən ay avtomobillərin icbari sığortası üzrə 132 491 müqavilə bağlanılıb
4.8.2017

Bu ilin iyul ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 132 491 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.
İSB-yə istinadən xəbər verilir ki, bunlardan 19 314-ü xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədi ilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub.
Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 10 343 618 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə həm sığorta müqavilələrinin sayında, həm də sığorta haqlarının məbləğində 29% artım müşahidə edilib.
Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb. Noyabrın 1-dək kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixə qədər qüvvədədir.
Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

report.az