Yaponiyaya gedəcək məktəblilərlə görüş olub
2.8.2017

Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında imzalanmış qardaşlaşma müqaviləsi çərçivəsində bu iki şəhərin nümayəndələrinin qarşılıqlı səfərləri davam edir.

Coğrafiya müəllimi Şahin Gənciyevin rəhbərliyi ilə səfərə gedəcək İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdləri Mehin Əkbərli və Suğra Ağamalıyeva ilə görüş olub. Hər iki məktəbli distant üsulla yapon dilini öyrənib. Şagirdlərə uğurlu səfər arzulayan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Milli Məclisin deputatı Novruzəli Aslanov yapon dilini öyrənmək üçün göstərdikləri səylərə görə onları təqdir ediblər. Məktəblilərə səfəri səmərəli keçirmək, Yaponiya və xalqı barədə geniş bilgilər əldə etmək, habelə Azərbaycan və azərbaycanlılar, milli adət-ənənələrimiz haqqında həmyaşıdlarını məlumatlandırmaq tövsiyə edilib. Bu səfərin İsmayıllı və İto şəhərləri arasında dostluq münasibətlərinə və qarşılıqlı əlaqələrə yeni töhfələr verəcəyi qeyd olunub.

Görüşdə Yaponiyada səfərdə olmuş Şərafət Bayramov və şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gündüz Qədirov Yaponiyadan İsmayıllıya gələcək müəllim və şagirdlərin qarşılanması üçün proqram barədə məlumat veriblər.

azertag.az