“Made in Azerbaijan” brendi və ölkəmizin xalçaçılıq sənəti Bolqarıstanda tanıdılır
1.8.2017

“Made in Azerbaijan” brendinin Bolqarıstanda tanıdılması və təşviqi məqsədilə Burqas şəhərində keçirilən “Wine Fest Burgas 2017” şərab festivalında ölkəmizin səfirliyi Azərbaycan istehsalı olan şərabların təqdimatını və dequstasiyasını təşkil edib. Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar barədə məlumat verilib, “Gəncə Şərab-2” şirkətinin istehsalı olan “Hillside” qırmızı quru şərabın 2017-ci ilin fevral ayında Bolqarıstanın ən nüfuzlu tədbirlərindən olan “Vinaria” şərab müsabiqəsində gümüş medala layiq görüldüyü ziyarətçilərin diqqətinə çatdırılıb. Otuz şərab istehsalçısı tərəfindən 200-dən çox şərabın təqdim edildiyi bu tədbirdə Azərbaycanın yerli üzüm növü olan “mədrəsə”dən hazırlanmış “İvanovka bağları. 1954. Mədrəsə” və “İvanovka bağları. 1954. Kəmşirin” adlı şərablar böyük maraqla qarşılanıb.

Şərab festivalı ilə yanaşı, eyni məkanda açıq havada “Xalça yolu” adlı xalça festivalı keçirilib. Festivalda Azərbaycan xalçaları nümayiş etdirilib və tədbir iştirakçıları Azərbaycan xalçalarının xüsusiyyətləri barədə məlumatlandırılıb. Azərbaycanın əsasən Bakı, Şirvan, Quba, Qarabağ, Gəncə və Qazax regionlarının xalçaçılıq üzrə ixtisaslaşdığı, hər regionun xalçaların naxış, kompozisiya və rəng çalarlarına görə fərqləndiyi, Azərbaycan xalçalarında digər ölkələrin xalçalarından fərqli olaraq ilmələrin daha sıx yerləşdiyi və bu səbəbdən onların daha uzun istifadə müddətinə malik olduğu ziyarətçilərin diqqətinə çatdırılıb. Festivalda Azərbaycan ilə yanaşı, Bolqarıstan, İran, Mərakeş, Pakistan və Cənubi Amerika regionunun xalçaları nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanın xalçaçılıq sənəti silsilə olaraq Bolqarıstanın müxtəlif regionlarında tanıdılmaqdadır. Belə ki, Azərbaycan xalçaları Burqas şəhərindən əlavə iyunun 23-25-də Bolqarıstanın Kotel şəhərində açıq havada keçirilən “Adət-ənənələrin canlı alovu” adlı festivalda, həmçinin 15 iyun-30 iyulda Sofiyada Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində keçirilmiş “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgidə də nümayiş etdirilib.

azertag.az