Bakıda dünya şöhrətli rəssam Frida Kaloya həsr olunan tədbir keçirilib
13.7.2017

Məşhur meksikalı aktrisa və müğənni Ana Alisia Salasın Bakıda dünya şöhrətli meksikalı rəssam Frida Kalonun həyatı haqqında “Frida. Sevgi, ağrı və nəğmə” adlı monoloqu təqdim edilib. Tədbir Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Landmark”da keçirilib.

Səfirlikdən bildirilib ki, tamaşaçılar Meksika incəsənətinin ikonası, XX əsr dünya rəssamlığının tanınmış simalarından biri olan Frida Kalonun həyatının müxtəlif dövrləri ilə tanış olublar. Həmçinin qonaqlar Ana Alisia Salasın ifasında ənənəvi Meksika musiqisini dinləmək imkanı əldə ediblər.

Qeyd edək ki, çoxsaylı teatr və telekanallarda çıxış edən aktrisa A.A.Salas 1980-ci ildə Meksikanın “Milli Kinonun Orxideyası” fəxri adına layiq görülüb. Aktrisa xalqını təmsil etmək məqsədilə tez-tez xaricə ölkələrə səfər edir.

azertag.az