Orta ixtisas təhsili almaq üçün şərtlər açıqlandı
12.7.2017

Orta ixtisas təhsili müəssisələrinə qəbul üçün müsabiqədə iştirak şərtləri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan, azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır.
İxtisas seçimi iyulun 25-dən avqustun 6-dək internet vasitəsilə aparılır.
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı da verməlidirlər.
Qabiliyyət imtahanında iştirak etmək üçün qəbul (cari ilin abituriyentləri buraxılış) imtahanında topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər (fənlər üzrə bal məhdudiyyəti tələb olunmur) iyulun 18-dək DİM-in internet saytında eservices.dim.gov.az/erizetex/qabiliyyet səhifəsinə daxil olaraq seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər.
Qabiliyyət imtahanları iyulun 19-dan 23-dək Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilimiş qaydada keçirilir. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 3-cü nömrəsini çap edib.
Bu nömrədə 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.


publika.az