ISESCO-nun baş qərargahında keçirilən iclaslarda Azərbaycan nümayəndə heyəti də iştirak edir
12.7.2017

Mərakeşin Rabat şəhərində yerləşən ISESCO-nun baş qərargahında ISESCO, ALECSO, ABEGS təşkilatlarının Milli Komissiyalarının əlaqələndirmə görüşü və təşkilatların 4-cü beynəlxalq forumu keçirilir. İclasların keçirilməsində məqsəd təşkilatlara üzv ölkələr arasında əməkdaşlıq və əlaqələndirməni gücləndirmək və hər üç təşkilatın fəaliyyətini “UNESCO-nun 2018-2021-ci illər üçün Proqramı” ilə uzlaşdırmaqdan ibarətdir. Beynəlxalq forumda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə təmsil edir.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tədbirin açılış mərasimində çıxış edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri hər üç təşkilatın və üzv dövlətlərin dünyanın digər beynəlxalq qurumlarında vahid mövqedən çıxış etmələrini, müsəlman dünyasının maraqlarının müdafiə olunmasını, islam irsinin dünyanın müxtəlif bölgələrində dağıdılmasının qarşısının alınması üçün birgə mübarizə aparılmasının vacibliyini vurğulayıb. Təşkilatın baş direktoru Qarabağda baş verənlərə səssiz qalmamaları üçün müsəlman ölkələrinə çağırış edib. Digər beynəlxalq təşkilatların nümayəndələri də islam dünyasını təmsil edən təşkilatların fəaliyyətlərini əlaqələndirməsinin əhəmiyyətini vurğulayıblar.

Sonra UNESCO-nun 39-cu Baş Konfransında təsdiq olunacağı gözlənilən “UNESCO-nun 2018-2021-ci illər üçün Proqramı”, həmçinin “Ərəb və Avropa milli komissiyalarının ekstremizmin qarşısının alınması üçün birgə mexanizm və layihələrin hazırlanması” ilə bağlı işçi sessiyalar keçirilib. Sessiyalarda bu mövzularda ISESCO, ALECSO və ABEGS təşkilatlarının layihələri və fəaliyyət planları təqdim edilib.

İclasda çıxış edən Vasif Eyvazzadə bu il mayın 4-dən 6-dək Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, ISESCO və Avropa Şurasının tərəfdaşlığı ilə keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində reallaşdırılan layihə və tədbirlər, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş Beynəlxalq Təşkilatların Birinci Yüksək Səviyyəli Görüşü, habelə Azərbaycanın beynəlxalq qurumlar arasında əməkdaşlığın inkişafında təcrübəsi barədə məlumat verib.

Müzakirələr zamanı V.Eyvazzadə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mədəni-tarixi abidələrin məhv edildiyini, islam irsinə aid nümunələrin dağıdıldığını və saxtalaşdırıldığını nəzərə çatdıraraq hər üç təşkilatın birgə hazırlayacağı sənədlərdə islam irsinə aid tarixi abidələrin xüsusi olaraq mühafizə edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan nümayəndəsinin ISESCO-nun məsul şəxsləri və üzv ölkələrin milli komissiyalarının rəhbərləri ilə görüşləri davam edir.

azertag.az