Davamlı tibbi təhsilin elektron proqramı hazırlanır
5.7.2017

İyulun 4-də Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının növbəti yığıncağı keçirilib. Yığıncaqda həkimlərin davamlı tibbi təhsili müzakirə mövzusu olub.

Tədbirdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov Səhiyyə Nazirliyində 2017-ci il iyunun 20-də verilən əmrlə təsdiq edilmiş “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”la tənzimlənən praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesi barədə ətraflı məlumat verib, toplantı iştirakçılarının suallarını cavablandırıb.

Daha sonra kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova çıxış edərək bildirib ki, əmrə əsasən, Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinə və Elmi-Tibbi Şurasına səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətlər və digər müəssisə və təşkilatların keçirdiyi elmi və tədris tədbirlərinin davamlı tibbi təhsil üzrə akkreditə olunması barədə bir ay müddətində təkliflərin hazırlanması, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə davamlı tibbi təhsil sistemi üzrə yeni tədris ilinədək elektron proqramın hazırlanması və istifadəyə verilməsinin təmin edilməsi tapşırılıb.

Yığıncaqda, həmçinin respublikada hazırlanan tibbi elmi və tədris materiallarının əlçatanlığının asanlaşdırılması, tibbi məlumat mübadiləsinin genişləndirilməsi, klinik fəaliyyətin standartlaşdırılması və keyfiyyətinin artırılması məqsədi ilə elektron tibbi kataloq bazasının yaradılması və digər məsələlər müzakirə edilib.

azertag.az