Skautlar bu dəfə düşərgələrini Qəbələdə qurublar
4.7.2017

Qəbələnin Bum qəsəbəsində Azərbaycan Skautlar Assosiasiyası tərəfindən keçirilən “Wonderland Azərbaycan-2017” Beynəlxalq Skaut Düşərgəsinin açılış mərasimi olub. Azərbaycanın müxtəlif bölgələrindən, eyni zamanda, Türkiyə, Misir, Ukrayna, Almaniya və Gürcüstandan 400 nəfərdən çox iştirakçının yer aldığı beynəlxalq tədbirin açılış mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin nümayəndələri, iştirakçı ölkələri təmsil edən skaut dəstə liderləri iştirak ediblər.

Açılış mərasimini Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı açaraq, skaut düşərgələrinin tarixi haqqında məlumat verib, düşərgənin gündəlik proqramı haqqında iştirakçıları və qonaqları məlumatlandırıb.

Tədbirin davamında qonaqların çıxışları dinlənilib. Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev bu cür tədbirlərin gəncliyimizin inkişafında önəmini vurğulayıb.

Daha sonra Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Allahverdiyev çıxış edib. Qəbələnin qədim mədəniyyət mərkəzi olduğunu qeyd edən Azər Allahverdiyev belə bir beynəlxalq düşərgəyə ev sahibliyi etdiklərinə görə məmnun olduqlarını bildirib.

Açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Azərbaycan Skautlar Assosiyasının, eyni zamanda, iştirakçı ölkələrinin bayraqlarının təntənəli surətdə qaldırılması ilə yekunlaşıb.

Axşam saatlarında isə düşərgə iştirakçıları skautinqin ənənəvi tonqalını alovlandıraraq açılış mərasiminin mədəni proqramını həyata keçiriblər. Mədəni proqramda iştirakçılar tonqal ətrafında özlərinin hazırladıqları xüsusi bədii proqramla çıxış ediblər.

Qeyd edək ki, düşərgə iyulun 9-dək davam edəcək. İştirakçılar peşəkar təlimçilər tərəfindən keçirilən skautinq, intellektul oyunlar, teatr kimi müxtəlif istiqamətli təlimlərə qatılacaqlar.

azertag.az