“Sony” qrammofon vallarını geri qaytarır
29.6.2017

Yaponiyanın “Sony” şirkəti yaxın zamanlarda vinil qrammofon vallarının istehsalını bərpa etmək niyyətindədir.

Bu barədə smart texnikanın istehsalçısı olan şirkətin rəsmi saytında məlumat dərc edilib. Qeyd edilir ki, bu növ məhsulların istehsalı 28 illik fasilədən sonra bərpa ediləcək.

“Sony” korporasiyasının sonuncu qrammofon valı 1989-cu ildə istehsal edilib. Növbəti illərdə CD disklərin sürətlə yayılması vinil valların istehsal edilməsini məqsədəuyğun etməyib. Ancaq hazırda smart texnika istehsalçısı olan Yaponiya şirkəti “sıradan çıxmış məhsullar”ın məhdud tirajını reallaşdırmaq qərarına gəlib.

Qeyd edilir ki, qrammofon vallarının istehsalına artıq bu il başlanacaq. Yaponiya KİV-də belə məlumat dərc edilib ki, korporasiyanın bir bölməsi artıq paytaxtın mərkəzi regionundakı “Sony” zavodunu vinil valları tökmək üçün press formalarla təchiz edib.

lent.az