Özbəkistanda Qarabağ geyimləri nümayiş etdirilib
29.6.2017

Özbəkistanın Səmərqənd şəhərində "Azərbaycan Mədəniyyət günləri" çərçivəsində "Azərbaycan milli geyimləri, Qarabağ geyimlərinin" moda sərgisi keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, mərkəzin direktoru Samir Abbasov Azərbaycanın təkrarsız və zəngin mədəniyyəti haqqında danışıb, Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda azərbaycanlıların yaratdığı zəngin mədəni irs barədə məlumat verib.
Sərgidə geyimlər nümayiş etdirilərkən Qarabağ geyimləri və onların özünəməxsusluğu haqqında geniş məlumat verilib.
Tədbirdə əsasən Qarabağ xanları dövrünə aid zəngin Azərbaycan qadınlarının libasları, şənlik geyimləri, gənc Qarabağ bəylərinin mərasim geyimləri, habelə toy libasları sərgilənib.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid libasları Səmərqənd Dövlət Universitetinin gənc modelyer qızları nümayiş etdirib.


report.az