Camal Əliyev ABŞ bəstəkarı Con Uilyamsın 85 illiyinə həsr olunmuş konsertdə çıxış edəcək
12.6.2017

Violonçelçalan, beynəlxalq mükafatlar laureatı Camal Əliyev iyulun 20-də Londonda “Royal Albert Hall”da ABŞ bəstəkarı və dirijoru Con Uilyamsın 85 illiyinə həsr olunmuş konsertdə çıxış edəcək.

“BBC Proms” çərçivəsində təşkil olunacaq konsertdə Camal Əliyev “BBC Konsert Orkestri” ilə birgə çıxış edəcək. Orkestrin baş dirijoru Kit Lokhartdır. Bu barədə məlumat Camal Əliyevin saytında yer alıb.

C.Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. C.Əliyev cari ilin martında “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb.



azertag.az