Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Uşaqlardan Uşaqlara” adlı qala konserti baş tutub
8.6.2017

Gənc Tamaşaçılar Teatrının səhnəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yekun konserti keçirilib.

Konsert proqramı olduqca zəngin və rəngarəng olub. Multikultural dəyərlərə hər zaman xüsusi diqqətlə yanaşan Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu dəfə də ənənəsinə sadiq qalaraq milli rəqslərimizi, bəstəkarlarımızın əsərləri ilə yanaşı, dünya xalqlarının rəqs və mahnılarına da müraciət edib. Budəfəki konsertin həm aparıcıları, həm də iştirakçıları məhz uşaqlar özləri olublar. Proqram Eldar Mansurovun “Azərbaycan süitası” ilə başlayıb. Səhnəyə ilk olaraq qız və oğlanlardan ibarət rəqs ansamblı çıxıb. Daha sonra konsertin bütün iştirakçıları bir-birinin ardınca möhtəşəm çıxışlarını tamaşaçılara təqdim edib.

Qeyd edək ki, konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı ilə bərabər “Şəms” uşaq xoru, eləcə də Uşaq Xor Kapellasının çıxışı olub.

Sonda isə möhtəşəm final mahnısı ilə konsertdə iştirak edən bütün iştirakçılar ardıcıl olaraq səhnəyə çıxıblar.

azertag.az