Oğuzda tütünçülük ənənələri bərpa olunur
7.6.2017

Oğuz rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində tədbirlər uğurla həyata keçirilir. Belə ki, cari ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 14 dəfədən çox artırılaraq 200 hektara çatdırılıb. Oğuzlu fermerlər bu il 31 hektarda “Virciniya” növlü ətirli və 169 hektarda yerli tütün sortları yetişdirirlər.

Rayon icra hakimiyyəti aparatının məsul nümayəndəsi Qəmzə Süleymanova bildirib ki, rayonun təbii iqlim şəraiti tütünçülüyün inkişaf etdirilməsinə imkan verir. Dövlət tərəfindən bu sahənin inkişafına göstərilən diqqət və qayğı, subsidiyaların ayrılması, güzəştli şərtlərlə aqrolizinq xidmətlərinin göstərilməsi kənd əhalisinin bu gəlirli sahəyə marağını artırıb. 2016-cı ildə rayonda bir neçə fermer ailəsi tütünçülüklə məşğul olurdusa, bu il belə təsərrüfatların sayı 17-yə çatıb. Hazırda rayonun 11 kəndində tütün becərilir.

Bucaq kəndindən olan fermer Rəftar Əhmədli bu il ilk dəfə olaraq 43 hektar sahədə tütün əkib. Fermer bildirib ki, indiyədək əsasən qarğıdalı becərib. Hər il 100-120 hektar sahədə qarğıdalı yetişdirib. Dövlətimizin başçısının kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrinin inkişaf etdirilməsi ilə bağlı verdiyi tövsiyələri nəzərə alaraq fermer yaşadığı rayonda tütünçülüyün dirçəldilməsinə öz töhfəsini verməyi qərara alıb. İstehsalçının dediyinə görə, hazırda onun təsərrüfatında 70-dək mövsümi işçi tütünün becərilməsi işlərinə cəlb olunub. Bu, onlarla ailə üçün əlavə qazanc mənbəyi deməkdir.

azertag.az