Bakıda Rumıniyanın etnik musiqisi səslənəcək
7.6.2017

İyunun 17-də Beynəlxalq Muğam Mərkəzində “Etnik musiqi inciləri” adlı yeni layihə çərçivəsində Rumıniyanın etnik musiqisi səslənəcək.

Rumıniyanın Bakıdakı səfirliyindən verilən məlumata görə, konsert Azərbaycanla Rumıniya arasında diplomatik əlaqələr qurulmasının 25 illiyinə həsr olunub.

Konsertdə Rumıniya və Azərbaycan musiqiçiləri iştirak edəcək. Rumıniyadan gələn musiqiçi Doina Lavriç Parqel əslən şimali Rumıniyanın füsünkar məkanı olan Lisna-Dorohoi əyalətindəndir.
Doina Lavriçin ifa etdiyi mahnılar rumın kəndlisinin kədər dolu anlarını təcəəssüm etdirir.
Doina Lavriç Parqel Bakıya Rumıniyanın fleyta ifaçısı Daniel Pop ilə birgə gəlir. Daniel Pop fleytada, trubada və volınkada ifa edir. Daniel Pop həmçinin, Trei Parale (Üç Onluq) adlı məşhur rumın orkestrində də ifa edir. Bu orkestrlə birgə o, Oskara namizəd olan “Aferim” rumın filminin (2015, rejissor Radu Cud) saundtrekini yazıb.

Biletləri şəhərin kassalarından, “ASAN” xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.



1news.az